CƏMİYYƏT


Samuxda Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin ediliblər

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa olunmuş 4 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə yeni mənzillə təmin olunan şəxslər sosial cəhətdən həssas qrupların, o cümlədən əlil və şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsinə, yeni mənzillərlə təmin edilmələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görülür. Bu işlərin davamı kimi cari ildə respublikanın müxtəlif rayonları üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Bildirilib ki, bu təbəqədən olan insanlar aylıq sosial müavinət və ya əmək pensiyası, eyni zamanda, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Cari ilin yanvarında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə həmin sosial ödənişlərin növbəti dəfə artırılması təmin olunub. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə isə əlavə hesablanır. Ölkənin əmək qanunvericiliyində də Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.