REGİONLAR
Samuxda Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə açıq dərslər davam edir
Samux, 27 fevral, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin irsi Samux rayonunda keçirilən açıq dərslərdə məktəblilər tərəfindən maraqla öyrənilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən növbəti açıq dərsdə rayonun Ağasıbəyli və Əhmədbəyli kənd orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Tarix müəllimi Nərgiz Bədəlova “Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqı bugünkü firavan həyatına görə dahi şəxsiyyətə borcludur. Əgər Ulu Öndər 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bəlkə də ölkəmiz ayrı-ayrı bölgələrə parçalanıb məhv ola bilərdi. Ümummilli Lider qısa vaxt ərzində respublikamızı xaos və anarxiyadan xilas etdi, onu dünya dövlətləri sırasına çıxardı.
Açıq dərsdən sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi şəxsiyyətin görkəmli dövlət xadimləri ilə keçirdiyi görüşlərini, eləcə də siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.