REGİONLAR
Samuxda altı ayda 537 daimi iş yeri açılıb
Samux, 19 iyul, AZƏRTAC
İyulun 19-da Samux rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında müxtəlif idarə və təşkilatların əməkdaşları, sahibkarlar, fermer və iş adamları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilin birinci yarısında görülmüş işlər haqqında məlumat verərək bildirib ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası cari ildə də davam etdirilib, tikinti-quruculuq və abadlıq işləri uğurla aparılıb.
Rayonun əsas statistik göstəriciləri haqqında məlumat verən Alı Qocayev qeyd edib ki, 2016-cı ilin birinci yarısında ümumi məhsul buraxılışının həcmi 6,6 faiz, sənaye istehsalı 6,1 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,7 faiz, əsas kapitala yönəldilən investisiyaların məbləği 34,5 faiz, o cümlədən tikinti işlərinin həcmi 34,9 faiz artıb. Prezident İlham Əliyevin tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilərək, birinci yarım ildə 537 daimi olmaqla, 1106 yeni iş yeri yaradılıb.
Rayonda tikinti-quruculuq işləri də davam etdirilib. Belə ki, rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında əsaslı təmir işləri aparılıb. Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılıb, şəhər 4 saylı uşaq bağçasında isə təmir işlərinə başlanılıb. Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılıb, rayon mərkəzinin Şəhidlər küçəsi və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılıb, həmin küçə və yollara yeni asfalt örtüyü çəkilib.
Prezident İlham Əliyevin bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonda otlaq sahələrinin təyinatı dəyişdirilib, bir sıra ərazilərdə ilk dəfə pambıq, çəltik və qarğıdalı bitkilərinin əkini aparılıb. Eyni zamanda, rayonda iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün 5000 hektar münbit torpaq ayrılıb. Cəmiyyət tərəfindən həmin sahənin suvarılma sistemi qurularaq, burada 3000 hektar qarğıdalı əkilməsi həyata keçirilib. Bu isə, öz növbəsində, yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verir.
Yığıncaqda əldə olunan uğurlarla yanaşı, qarşıya çıxan problemlər də diqqətə çatdırılıb, onların həlli yolları müzakirə olunub.