REGİONLAR
Samuxda pambıqçılığın inkişaf perspektivləri müzakirə olunub
Samux, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər bütövlükdə ölkənin, eləcə də hər bir bölgənin inkişaf istiqamətlərini və imkanlarını müəyyən edir. Hazırda regionlarda qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Samux rayonunda da öz bəhrəsini verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər pambıqçılığın inkişafı ilə əlaqədar Samuxda keçirilən rayon yığıncağında səsləndirilib.
Yığıncaq Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 17-də Sabirabadda keçirilən pambıqçılığa dair respublika müşavirəsində verilən tapşırıqların icrasından irəli gələn vəzifələrin müzakirəsinə həs olunub.
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, eləcə də pambıq qəbulu və emalı məntəqələri əməkdaşlarının, sahibkarların və mülkiyyətçilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonda kənd təsərrüfatının inkişafı üçün böyük perspektivə malik pambıqçılığın inkişaf yollarından və gələcəkdə bu sahədə görüləcək işlərdən danışıb.
Bildirilib ki, pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən dəstək göstərilməsi, fermerlərin və emal müəssisələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməklik edilməsi rayonda pambıqçılığa marağı daha da artırıb. Bunun nəticəsidir ki, son illərlə müqayisədə bu il sahələrdən dəfələrlə çox məhsuldarlıq gözlənilir. Hazırda rayonda pambıqçılıq sahəsində yüksək göstəricilər qeydə alındığı üçün növbəti ildə 500 hektardan artıq sahədə pambıq əkininin aparılması məqsədilə hazırlıq işlərinə başlanılıb.
Alı Qocayev qeyd edib ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbulu məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəlilik artırılmalı, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirləri görülməli, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdırlar. Həmçinin tədarükçü şirkətlər fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar.
Sonra gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işlər qeyd edilib, tapşırıq və göstərişlər verilib.
Rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və icra nümayəndələri görülən işlərdən danışıb, əkin zamanı yarana biləcək bəzi çətinliklərin həlli yollarını müzakirə ediblər.