CƏMİYYƏT
Samuxda vətəndaşların ekoloji məsələlərə dair müraciətləri araşdırılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında vətəndaşlar üçün qəbul keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Gəncə şəhərində, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir onların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Müraciətlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilib.