REGİONLAR


Samuxlu ailənin uğur düsturu: Alim məsləhəti, kəndli zəhməti VİDEO

Samux, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

Samuxun Yuxarı Ağasıbəyli kəndində yaşayan Razi Alıyev böyük zəhmətlə qurduğu ailə-fermer təsərrüfatını mənfəətli sahəyə çevirməyi bacarıb. Ailə-fermer təsərrüfatının əsasını camışçılıq, arıçılıq, quşçuluq, meyvəçilik və istixana şəraitində yetişdirilən tərəvəz bitkilərinin istehsalı təşkil edir.

AZƏRTAC-ın müxbiri kəndə gedərək, Alıyevlər ailəsinin qonağı olub. Müxbirimizi mehribanlıqla qarşılayan Razi Alıyev min bir əziyyətlə yaratdığı təsərrüfat barədə məlumat verərək bildirdi ki, bir neçə il bundan öncə ailəsinə məxsus həyətyanı torpaq sahəsində müxtəlif meyvə ağaclarından bağ salıb. Hər il bağdan topladığı məhsulu bazara çıxaran ailə meyvə satışından əldə etdiyi vəsaitlə camış alıb. Qısa vaxtda camışların sayını 10 başa çatdırıb və əldə etdiyi gəlirlə həyətyanı sahədə 30 ailədən ibarət arıxana yaradıb və bir neçə istixana qurub.

İstehsal etdikləri məhsulların satışında çətinlik çəkməyən Razi Alıyev istixanada yetişdirdikləri tərəvəzlər istisna olmaqla, heç bir məhsulu birbaşa bazara çıxarmır. Çünki bu ailənin yetişdirdiyi məhsulların keyfiyyətini yüksək qiymətləndirən müştərilər tez-tez həm təsərrüfat sahibinin qonağı olur, həm də özlərinə lazım olan məhsulu birbaşa yerindən alırlar.

Burada hər bir yenilik böyük zəhmət hesabına yaranıb. Təsərrüfat sahibinin özünün heç bir təhsili olmasına baxmayaraq, bu sahədə qazandığı təcrübə və yaxın dostu, Aqrar Universitetin alimi Arif Qazıyevin tez-tez verdiyi məsləhətlər nəticəsində yüksək məhsuldarlığa nail olub. Aqrar Universitetin alimi onlara yeni istixana qurmaq, şitil yetişdirmək, məhsuldar toxum sortları seçmək, heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı yüksəltmək üçün süni mayalamaya üstünlük vermək, müasir əkin və suvarma qaydaları, torpağın tərkibini lazımi gübrələrlə zənginləşdirmək, eləcə də təsərrüfatın bütün sahələrinin mənfəətlə idarə olunması üçün bir çox faydalı məsləhətlər verib.

Söhbət zamanı məlum oldu ki, Arif Qazıyev nəinki bu ailə ilə, həm də Samuxun digər kəndlərində yaşayan ailələrlə yaxından dostluq edib, sadə və zəhmətkeş kəndlilərə təsərrüfatlarını aqrar elmin yeni qaydaları əsasında qurmağa köməklik göstərib, onlara yeniliklər haqqında məlumat verib, tətbiq olunan güzəştlərin üstünlüklərini izah edib.

Razi Alıyevin ailəsi 6 nəfərdən ibarətdir. Hazırda ailənin böyük oğlu hərbi xidmətdədir. Ona görə də bütün təsərrüfat işlərində kiçik oğlu Elşad ona yaxından kömək olur.

Hələ 18 yaşı tamam olmayan Elşad həm məktəblidir, həm də kikboksinq idman növü üzrə peşəkar idmançıdır. Rayon və respublika səviyyəli idman yarışlarında fəal iştirak edən idmançı dəfələrlə fəxri kürsüyə qalxıb, bir neçə dəfə respublika birincisi olub.

Elşadla söhbət edə-edə təsərrüfatları ilə tanış olduq. Həyətdəki meyvə ağaclarına qulluq göstərən Elşad yaşıllıqların arasında bərkidilmiş sadə idman qurğularını və alətlərini bizə göstərib dedi ki, özünün məşqi üçün lazım olan bütün alətləri atasının köməyi ilə yarasız hesab olunan əşyalardan hazırlayıb. Əsas yarışlarına da heç bir idman zalına getmədən yalnız burada hazırlaşıb. İndi isə ən böyük arzusu bir ildən sonra İdman Akademiyasına daxil olmaq və gələcəkdə beynəlxalq yarışlarda iştirak edib, ölkəmizin idman şərəfini yüksəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.