REGİONLAR
Samuxlu sahibkarlar türk iş adamları ilə təcrübə mübadiləsi aparıblar
Samux, 1 fevral, Rauf Hacıyev, AZƏRTAC
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux rayon təşkilatında yerli sahibkarlarla türk iş adamlarının görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, təcrübə mübadiləsi məqsədi daşıyan görüşdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların-sosial iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, dövlətimizin başçısı ölkəmizin ərzaq təhlükəsizliyi və əhalinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə bir sıra hüquqi sənədlər imzalayıb, tədbirlər həyata keçirib. Hazırda Samux rayonunda taxılçılığın, bağçılıq və bostançılığın inkişaf etdirilməsi, tərəvəz istehsalı, istixanaların tikintisi, iri fermer təsərrüfatının və sənaye parkının yaradılması rayon üçün həlli vacib işlərdəndir.
Qeyd olunub ki, Samux aqrar rayon olmaqla yanaşı, buradakı münbit torpaqların mövcudluğu kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Odur ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları nəzərə alınaraq həyata keçirilən tədbirlərlə yaxın gələcəkdə dövlət büdcəsindən Samux rayonuna maliyyə köçürməsini tamamilə dayandırmaq olar.
Tədbirdə çıxış edən Ərazi Kənd Təsərrüfatı İdarəsinin müdiri Rahil Həsənov rayonda əkin işlərinin gedişatı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması və kənd təsərrüfatı məhsullarının istehsalının yüksəldilməsinin vacibliyindən danışıb, yeni təkliflər irəli sürüb.
Sonra türk iş adamları tərəfindən yerli sahibkarlara bir sıra faydalı məsləhətlər verilib. Türk iş adamı Ersin Özençay çıxış edərək, ölkəsinin kənd təsərrüfatının inkişafında qazandığı zəngin təcrübədən danışıb. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək istəyən sahibkarlar əkindən qabaq bir sıra təhlillər aparmalıdırlar. Belə ki, əkin aparılacaq sahənin iqlimi, relyef xüsusiyyətləri nəzərə alınmalı, torpağın tərkibi və strukturu öyrənilməli, su mənbələri araşdırılmalıdır. O qeyd edib ki, sahələrdə əkiləcək bitkilər, onların sort və növlərinin müəyyənləşdirilməsi, əkin işlərində bitkilər arası müxtəlifliyin və sahə nisbətinin təmin olunması, keyfiyyətli toxum növlərinin seçilməsi də yüksək məhsuldarlıq əldə etmək üçün vacib şərtlərdəndir. Ersin Özençay sahibkarların nəzərinə çatdırıb ki, əkin işlərindən sonra təsərrüfat sahəsinə daim yüksək səviyyədə aqrotexniki xidmət göstərilməlidir. Əkin sahələrinin vaxtlı-vaxtında tövsiyə olunan qaydalara uyğun suvarılması, üzvi və mineral gübrələrlə təmin olunması, bağlarda ağac budama işlərinin təlimata əsasən həyata keçirilməsi, zərərvericilərə qarşı mübarizə, torpağın alaq otlarından təmizlənməsi və görülən digər tədbirlər sahibkarlara bol məhsul götürməyə kömək edər.
Qeyd olunub ki, sahibkarlar mənfəətli təsərrüfata sahib olmaq üçün əkinə başlamazdan qabaq məhsulun istehsalına xərclənən vəsaiti, sərf olunan zəhməti, məhsulun yığılmasına, saxlanmasına və daşınmasına çəkilən xərcləri, o cümlədən əmtəənin yerli və xarici bazarlarda satış imkanlarını və bu kimi başqa amilləri də nəzərə almalıdırlar.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən razılıqlarını ifadə edən sahibkarlar bu cür tədbirlərin onların işinə müsbət təsir göstərəcəyini və gələcək fəaliyyətlərində türkiyəli mütəxəssislərin tövsiyə və təkliflərini nəzərə alacaqlarını bildiriblər.