MƏDƏNİYYƏT
San-Fransiskoda Xalq Artisti Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
ABŞ-ın San-Fransisko şəhərində Kronos festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən-nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
500-dən çox tamaşaçının iştirak etdiyi konsert, məşhur San-Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyi ilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San-Fransiskoda davam etdirir. 40 ildən artıq davam edən fəaliyyəti dövründə Kronos Kvarteti bir sıra mükafatlarla yanaşı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi mükafatına layiq görülüb.