CƏMİYYƏT


Şanagüllə əfsanəvi lotos çiçəyinin bir növüdür

Bakı, 5 avqust, AZƏRTAC 

Qədim Hindistanda Yer kürəsi suyun səthinə yayılmış nəhəng lotos gülünə, cənnət isə təmiz, məkrsiz qəlblərin, ruhların yaşadığı çəhrayı lotoslarla örtülmüş gölə bənzədilirdi. Bir hind atalar sözündə lotos həyatın fırtınalarından yorulmuş gəmiyə bərabər tutulurdu.

AZƏRTAC xəbər verir ki, ən çox Qanq çayının durğun sularında bitən çiçəyə qədim Misirdə Nil çayının hövzəsində də rast gəlinirdi. Misirdə lotos müqəddəs sayılırdı. Günəş tanrısı Ranın lotosdan dünyaya gəldiyinə inanırdılar, məhsuldarlıq ilahəsi İsidanın tacı lotos gülündən idi, dirilik tanrısı Osiris lotos yarpağı, işıq tanrısı Qor isə lotos çiçəyinin üstündə oturmuş vəziyyətdə təsvir edilirdi. Ona Nil çayının nişanlısı deyirdilər. Lotos həyat mənbəyi, yaradıcı başlanğıc, mənəvi dünya və mirvarini təmsil edirdi.

Çayın lillə örtülü dibindən qalxan köklər qaranlığın, uzun gövdə işığa, azadlığa uzanan qəlbin, çiçəkləri isə günəşə istiqamətlənən təmiz ruhun rəmzidir. Lotos ünsürlərin dördünə də toxunan, onları özündə əks etdirən rəmzi güldür. Kökləri torpaqdadır, özü suda bitir, havada çiçək açır, günəşin şüaları ilə qidalanır. Onun üç cür-sualtı, üzən və suüstü yarpaqları var. Sanki üstü parafinlə örtülü olan yarpaqlara toz, çirk və su yapışmır. Lotosun bu gözəlliyinin səbəbi bitkinin mikroliflərinin suya nisbətdə bucaq altında bitməsidir. Hər axşam çiçəyə qapanan lotos suyun altında gizlənir, səhərlər isə yenidən suyun səthinə qayıdır. Yarpaqları kimi çiçəkləri də həmişə quru qalır və heç vaxt islanmır.

Ölçüsü 25 santimetrdən böyük olan çiçəklərin ömrü cəmi dörd gündür. Onun bəzi növləri gecə ay işığında açılır, daha sonra səbətşəkilli toxumları yaranır, suya üzü üstə düşən toxum səbəti üzür, içindəki toxumlar bir-bir suya tökülərək dibə batır və yeni lotos cücərməyə başlayır.

Lotos antik ədəbiyyatda və daha sonrakı dövrlərdə yaşayıb-yaratmış şair və yazıçıların əsərlərində də vəsf olunur. Qədim Yunanıstanda onun meyvələrindən mətbəxdə istifadə edilirdi. Həmin dövrlərdə ondan təsbeh, boyunbağı və digər bəzək əşyaları düzəldirlərmiş.

Hazırda Cənubi Avropada bitən lotoslar Şimali Amerikadan gətirilir. Əfsanəvi gözəlliyə malik çiçəyi çox vaxt onunla sadəcə zahiri bənzərliyi və suda bitməyindən başqa oturaq heç bir nöqtəsi olmayan su zanbağı ilə qarışdırırlar.

Neftçala rayonun Xolqarabucaq kəndinin ərazisindən keçən Akuşa çayının sahilində suyun durğun yerində bitən şanagüllə lotosun bir növüdür. Ölkəmizdə yeganə olaraq yalnız burada bitən bitki maydan avqusta qədər çiçək açır. Onun toxumları və kökümsovu yeyilir, başağrısı zamanı toxumlarından ağrıkəsici kimi istifadə olunur. Dünyanın müxtəlif ölkələrində durğun su hövzələrində geniş yayılıb. Haqqında özü qədər gözəl əfsanələr dolaşan çiçəyin adı təəssüf ki, “Qırmızı kitab”a düşüb. Lakin onun nəslinin kəsiləcəyi o qədər də real görünmür, çünki alimlər şanagüllərin min illik toxumlarını əkib və onların cücərdiyinin şahidi olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.