CƏMİYYƏT
Sanitariya-epidemioloji xidmət orqanları içməli suya nəzarət tədbirlərini gücləndirib
Bakı, 30 iyul, AZƏRTAC
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi nəzarət olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən aparılan müayinələr nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar Bakının Sabunçu, Xəzər, Suraxanı və Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib. Eyni zamanda, Binəqədi, Nizami və Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimə olunaraq müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktublar göndərilib.
Bundan əlavə, RGEM tərəfindən şəhər və rayon mərkəzlərindəki su təchizatı sistemlərindən, o cümlədən 18 rayonun ərazisində olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülərək müayinə edilib və nəticələr üzrə müvafiq tədbirlər görülüb.
Bakı şəhəri ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub zərərsizləşdirilməsi işi də nəzarətdə saxlanılıb. Paytaxtın mərkəzi su anbarları və nasos stansiyaları üzrə bu ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. İçməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib. Bununla yanaşı, çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət də davam etdirilib.