DÜNYA
Sankt-Peterburq görüşü Rusiya-Türkiyə münasibətlərinin gələcək taleyində mühüm rol oynayacaq
Moskva, 9 avqust, AZƏRTAC
Rusiya və Türkiyə prezidentləri Sankt-Peterburqda keçirdikləri görüşün yekunlarına dair mətbuat konfransında hər iki ölkənin münasibətləri yeni səviyyəyə yüksəltmək əzmində olduğunu, ikitərəfli görüşün əlaqələrin gələcək taleyində mühüm rol oynayacağını bildiriblər.
Moskva-Ankara əməkdaşlığının bərpa olunacağına əminliyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin müdafiə sənayesi sahəsində əlaqələri genişləndirəcəyini söyləyib. Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi “Akkuyu” AES layihəsinə strateji sərmayə statusu vermək niyyətindədir.
Prezident Vladimir Putin qeyd edib ki, artıq yaxın günlərdə ticarət-iqtisadi, elmi-texniki əlaqələrin bərpası üçün ilk addımlar atılacaq. Prezidentlərin görüşündə 2016-2019-cu illərdə bu əməkdaşlığın inkişafı üçün proqram hazırlanması, bürokratik rejim çərçivəsindən kənar əlaqələrin bərpası barədə qərar qəbul edilib.
Rusiya Prezidenti deyib ki, iki ölkə arasında viza məhdudiyyəti üzündən nəqliyyat, dəmir yolu və aviasiya ilə yük daşımaları sahələrində problemlər yaranır. Bu səbəbdən viza məhdudiyyətlərinin aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Türkiyə ilə çarter aviareyslərinin bərpa olunacağını söyləyən Prezident Vladimir Putin Ankaranın rusiyalı turistlərin təhlükəsizliyinə zəmanət verdiyini də qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva