SİYASƏT


Sankt-Peterburq telekanalı Azərbaycan haqqında  silsilə verilişlərin nümayişinə başlayıb

Moskva, 26 iyun, AZƏRTAC 

Sankt-Peterburq telekanalı Azərbaycan haqqında silsilə verilişlərin nümayişinə başlayıb.

“Azərbaycana aparan yol” (“Дорога в Азербайджан”) adlanan verilişdə xalqımızın tarixi, qədim adət-ənənələri, mədəniyyəti, Azərbaycanın bu günü barədə ətraflı məlumat verilir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov AZƏRTAC-a bildirib ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzi televiziya kanalı ilə əldə olunmuş razılığa əsasən, hər həftənin bazar günü efirə çıxacaq verilişlərdə Azərbaycan reallıqları, iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə qazanılmış uğurlar barədə maraqlı və dolğun süjetlər təqdim ediləcək, ölkəmizin turizm potensialından söhbət açılır.

İyunun 25-də Rusiyanın Şimal paytaxtının tamaşaçılarına bu silsilədən ilk veriliş təqdim olunub, rejissor Şamil Nəcəfzadənin “Azərbaycan mətbəxi. Dad yaddaşı” ( “Азербайджанская кухня: послевкусие”) filmi nümayiş etdirilib. Verilişdə Azərbaycan mətbəxinin zənginliyi, tarixi, hətta fəlsəfəsindən bəhs olunur.

Çəkilişləri ölkəmizin bütün bölgələrində aparılmış, odlar yurdunun çox qədim bir mədəniyyət ocağı olduğu vurğulanan, Azərbaycanın füsunkar təbiətini əks etdirən landşaft çəkilişləri ilə zəngin film mədəni irsimizi, ölkəmizin iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Verilişdə Qarabağın ən böyük şəhərlərindən olan Ağdamda fəaliyyət göstərmiş və hazırda Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yerləşən “Çörək” muzeyindən danışılıb, Azərbaycanda 10-dan çox adda müxtəlif çörək növlərinin bişirildiyi qeyd olunub.

Rusiya tamaşaçılarına ətirli və dadlı Azərbaycan çayından da söhbət açılıb. Vurğulanıb ki, Azərbaycan hazırda çay istehsal edən 30 ölkədən biridir. Azərbaycanda çay armudu stəkanda və müxtəlif milli şirniyyatlarla, o cümlədən paxlava, şəkərbura, qatlama ilə içilir.

Verilişdə deyilir ki, Azərbaycana səfər edənlər mütləq plov və dolma kimi təamların dadına baxmalıdırlar. Qeyd olunur ki, Azərbaycan mətbəxinin şahı sayılan plovun 200 növü var.

Bundan başqa, rusiyalı tamaşaçılara Azərbaycanda yetişdirilən meyvə və tərəvəzlərdən, dadlı ət və balıq yeməklərindən, Azərbaycan şərabının hazırlanmasından da söhbət açılır.

Bildirilib ki, əgər Azərbaycan mətbəxi mədəniyyətimizin bir qapısıdırsa, o qapı hər zaman qonaqlar üçün açıqdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.