SİYASƏT


Sankt-Peterburqda MDB PAA-nın payız sessiyası başa çatıb

A+ A

Sankt-Peterburq, 26 noyabr, AZƏRTAC

MDB Parlamentlərarası Assambleyasının (PAA) Sankt-Peterburqda keçirilən payız sessiyası 45-ci plenar iclasla başa çatıb.

MDB PAA Şurasının başçısı, RF Federasiya Şurasının sədri Valentina Matviyenko Assambleyanın 2016-cı ildə gördüyü işlərə yekun vurub, model qanunyaratma sahəsində əldə edilmiş nəticələri müsbət qiymətləndirib. Vahid təhsil məkanı yaradılması məsələləri də parlamentarilərin diqqət mərkəzində olub. 2016-cı ildə qəbul edilmiş 18 model qanundan ikisi təhsil sahəsinə aid olub. Bundan əlavə, MDB PAA-nın daimi komissiyaları və ekspert şuraları da fəal işləyib, bir sıra beynəlxalq tədbirlər keçirilib.

V.Matviyenko səmərəli əməkdaşlıq nümunələri sırasında Aralıq dənizi ölkələri Parlament Assambleyası ölkələri ilə yaxın vaxtlarda memorandum imzalanmasını və terrorizmə qarşı mübarizə məsələlərinə dair gələn ilin mart ayında keçiriləcək konfransı qeyd edib.

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə iclasda “Silahlı münaqişələr və digər zorakılıq halları dövründə tibb işçilərinin və səhiyyə obyektlərinin mühafizəsinə dair tövsiyələr” adlı məruzə ilə çıxış edib. Bu tövsiyələr MDB PAA tərəfindən yekdilliklə qəbul edilib.

İclasda həmçinin, MDB ölkələrində təşkilatların terrorçu və ekstremist təşkilatlar sırasına aid edilməsi məsələlərinə dair milli qanunvericiliklərin təkmilləşdirilməsinə və uzlaşdırılmasına dair tövsiyələr qəbul edilib.

Plenar iclasda MDB PAA mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Təltif olunanlar arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatları da var: Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlament Əməkdaşlığının möhkəmləndirilməsinə görə” medalı ilə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov MDB PAA Şurasının fəxri fərmanı  ilə təltif ediliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.