İQTİSADİYYAT


Sankt-Peterburqda OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək

Bakı, 24 iyul, AZƏRTAC

Bu gün OPEC ölkələrinin, habelə bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin (OPEC+) Sankt-Peterburqda iclası başlanır. İclasda Saziş iştirakçılarının üzərinə götürdükləri öhdəliklər, habelə “qara qızıl” bazarında vəziyyət müzakirə ediləcək.

Sazişin icrasını, həmçinin nazirlər komitəsi ölkələrinin ekspertlərindən ibarət texniki komitə izləyir. Komitə hər ay toplaşır. Texniki komitənin budəfəki görüşü iyulun 22-də Sankt-Peterburqda keçirilib və səkkiz saat davam edib. OPEC+ ekspertlərinin iclası Liviya və Nigeriyada nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Bu ölkələr, Sazişin şərtlərinə görə, neft hasilatının azaldılması öhdəliyindən azad ediliblər və son vaxtlar istehsal həcmini fəal artırırlar, nəticədə “Brent” markalı neftin bir barrelinin qiyməti iyul ayında 45 dollardan aşağı olub.

“Nigeriya və Liviya əməkdaşlığa çox həvəsli idi. Onlar bizə bütün rəqəmləri, neft istehsalında öz planlarını, rastlaşdıqları bütün çətinlikləri təqdim etmişdilər. Onların cəhd etdiyi məqsədli göstəricilər bütün bu çətinliklərə uyğun gəlir... OPEC təşkilatın üzv ölkələri ilə həmrəydir. Biz bu iki ölkənin bütün çətinliklərin öhdəsindən gələrək bazara qayıdacağını səbirsizliklə gözləyirik. Çünki onların hasil etdiyi hər barrel lazım olacaq”, - deyə OPEC-in baş katibi Mohammed Barkindo jurnalistlərə müsahibəsində bildirib.

OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ölkəmiz üçün bu göstərici sutkada 35 min barreldir. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya Federasiyası daxildir.

Sazişin icrasını, həmçinin Yüksək Səviyyəli Komitəyə daxil olan ölkələrin ekspertləri izləyirlər. Ayda bir dəfə toplaşan bu komitənin iclaslarında OPEC-in baş katibi Mohammed Barkindo da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.