SİYASƏT


Sankt-Peterburqda konfrans zamanı erməni alimin provokasiyasının qarşısı alınıb

A+ A

Moskva, 1 oktyabr, AZƏRTAC 

Sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda, Dövlət Ermitajında İkinci Beynəlxalq “İCON II” konfransı keçirilib. Konfransda Azərbaycan alimləri də məruzə ilə çıxış ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, İkinci Beynəlxalq “İCON II” konfransı Şərq numizmatikası mövzusuna həsr edilib. Tədbir çərçivəsində Aleksandr Akopyanın “1747-1827-ci illərdə Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) zərbxana işi” mövzusunda təhrikçi xarakterli məruzə ilə çıxış etməsi nəzərdə tutulurdu. Erməni tərəfin növbəti dəfə Azərbaycanın tarixi dəyərlərini və mədəni irsini mənimsəmək cəhdləri geniş rezonans doğurub və ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Həmin konfransın əhəmiyyəti və tədbirdə Azərbaycan alimlərinin iştirakının aktuallığı nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycanın Rusiyadakı səfirliyi ilə yanaşı, Ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu da Dövlət Ermitajının direktoru Mixail Piotrovskiyə məktub göndərərək Azərbaycan alimlərinin akkreditasiyasına kömək göstərilməsini xahiş edib.

Həmin konfransa Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əli Rəcəblidən və AMEA-nın Hüquq və insan haqları institutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynovdan ibarət AMEA nümayəndə heyətini göndərmək qərara alınıb.

Azərbaycanlı alimlər ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda bu diplomatik missiyanın rəhbəri Sultan Qasımovla görüşüblər. Görüşdə AMEA nümayəndələrinin konfransda iştirakı və çıxışı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət Ermitajının direktoru Mixail Piotrovski beynəlxalq konfransın açılış günündə azərbaycanlı alimləri qəbul edib və Azərbaycanın bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. M.Piotrovski numizmatikanın və digər elmi fənlərin inkişafına Azərbaycan alimlərinin töhfəsini yüksək qiymətləndirərək Ermitaj ilə Azərbaycanın elmi dairələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olmasını vurğulayıb. Konfransın ilk günündə iclasların birində professor Əli Rəcəblini sədr təyin etmək qərara alınıb. Azərbaycan nümayəndə heyətinin təkidi ilə erməni professor A.Akopyanın məruzəsinin ilkin adı tədbirin proqramından çıxarılıb, məruzənin mətninə dəyişikliklər olunub, “Şərqi Ermənistan” sözləri və onunla bağlı ifadələr mətndən ixtisar edilib.

Konfransın son günündə professor Əli Rəcəbli “XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında zərbxana işi və pul dövriyyəsi” adlı məruzə ilə çıxış edib. Azərbaycan aliminin çıxışı konfransın gedişində əsaslı dəyişikliyə səbəb olub və beynəlxalq konfrans çərçivəsində ermənilərin növbəti yalanını yaymaq cəhdinin qarşısı alınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.