SİYASƏT


Sankt-Peterburqda qazax ictimai-siyasi xadimi Əlixan Bukeyxanovun büstü açılıb

A+ A

Milli Məclisin sədri Oqtay Əsədov büstün açılış mərasimində çıxış edib

Sankt-Peterburq, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavrida Sarayında - MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906–cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılış mərasimi keçirilib. Əlixan Bukeyxanovun büstünü Tavrida Sarayına Qazaxıstan parlamenti bağışlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov qeyd edib ki, Tavrida Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alır. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.

Oqtay Əsədov deyib: “Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavrida Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcəklər”.

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edib ki, Tavrida Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. V.Matviyenko əməkdaşlığa görə Milli Məclisin sədri Oqtay Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Mərasimdə, həmçinin Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev çıxış ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.