ELM VƏ TƏHSİL
Sankt-Peterburqda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və “Naxçıvan” azərbaycanlıların dostları milli-mədəni birliyi” Regional İctimai Təşkilatının təşəbbüsü ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə azərbaycanlı tələbələrin Rusiyanın mədəniyyətinə, adət-ənənələrinə, yerli miqrasiya qanunlarına adaptasiyası məsələləri, tələbələrin qarşılaşdığı problemlər müzakirə edilib.
Baş konsul Elşad Qulamov Sankt-Peterburqda yaşayan azərbaycanlıların, eləcə də tələbələrin Azərbaycan dövlətinin Rusiya ilə münasibətlərin müxtəlif sahələrdə inkişafına yönəlmiş siyasətini dəstəklədiyini söyləyib. O, görüşün azərbaycanlı tələbələrin problemlərinin həlli istiqamətində faydalı olacağına ümid etdiyini bildirib.
“Naxçıvan” azərbaycanlıların dostları milli-mədəni birliyi” Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanov rəhbərlik etdiyi qurumun hər zaman milli və millətlərarası həmrəyliyi dəstəklədiyini söyləyib. O, təşkilatın Sankt-Peterburqun ali məktəblərində təhsil alan soydaşlarımıza kömək etməyə, həmçinin yerli miqrasiya xidməti ilə birgə hüquqi yardım göstərməyə hazır olduğunu deyib.
Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitali İlçenko təmsil etdiyi qurumun fəaliyyətindəki dəyişikliklər barədə məlumat verib. O, gəncləri maraqlandıran sualları da cavablandırıb.
Görüşdə Azərbaycan Tələbə Təşkilatları Şurasının yaradılması təşəbbüsü dəstəklənib və şəhərin müxtəlif təhsil ocaqlarında oxuyan azərbaycanlı gənclərdən ibarət şura üzvləri seçilib.