DÜNYA


Şantajçı virus “Android” smartfonlarını təhdid edir

Bakı, 13 iyul, AZƏRTAC

“McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş “Petya” troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrləmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “LeakerLocker” adlı şantaj edən virus “Android” sistemi ilə işləyən smartfondakı məxfi informasiyanın (“Chrome” brauzerində baxışların tarixçəsi, SMS və zənglər, “Facebook”da mesajlar, şəkillər, ünvan kitabçası və s.) surətini çıxardıqdan sonra həmin məlumatları istifadəçinin bütün kontaktlarına göndərir. “Qurbana” tələb edilən məbləği ödəmək üçün 72 saat vaxt verilir.

“McAfee” şirkətinin məlumatına görə, “LeakerLocker” virusu “Google Play” mağazasında əlçatan olan “Wallpapers Blur HD” (5-10 min yüklənmə) və “Booster & Cleaner Pro” (1-5 min yüklənmə) proqramlarının arxasında maskalanır. İnternet nəhəngi bu vəziyyəti araşdırdığını bildirib.

Ekspertlər tələb olunan məbləği ödəməməyi tövsiyə edir, çünki hakerlərin maliyyələşdirilməsi yoluxma sayının çoxalması ilə nəticələnəcək. Bundan başqa, məxfi informasiyadan yenidən şantaj məqsədilə istifadəyə dair heç bir zəmanət yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.