DÜNYA
Şanxay Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin iclasında Pakistanın və Hindistanın bayraqları qaldırılıb
Daşkənd, 16 iyun, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin Daşkənddə keçirilən iclasında quruma qəbul edilən Pakistanın və Hindistanın dövlət himnləri səslənib, bayraqları qaldırılıb.
Pakistanın və Hindistanın ŞƏT-ə tam hüquqlu üzv seçilməsi münasibətilə keçirilən tədbirdə İcraiyyə Komitəsinin və diplomatik korpusun rəhbərləri, Özbəkistanın əlaqəli qurumlarının nümayəndələri, jurnalistlər iştirak ediblər.
ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru Yevgeni Sısoyev, Özbəkistan xarici işlər nazirinin müavini Anvar Nasırov bu münasibətlə Pakistan və Hindistan dövlətlərini təbrik edib. Bildirilib ki, ötən müddət ərzində ŞƏT nüfuzlu beynəlxalq təşkilata çevrilib və fəaliyyətində qarşılıqlı etibar, maraq və anlaşma prinsiplərini əsas tutur.
Xatırladırıq ki, bu il iyunun 8-9-da ŞƏT Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında Pakistan və Hindistan bu təşkilata üzv qəbul edilib. Bundan əvvəl Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan və Özbəkistan ŞƏT-nin üzvləri idi.
Pakistanın Özbəkistandakı səfiri Riaz Xusayn Buxari ŞƏT-nin üzvü olan dövlətlərin başçılarına minnətdarlıq edib, qurum çərçivəsində gələcək əməkdaşlıqdan məmnun olduğunu deyib.
Hindistanın Özbəkistandakı səfiri Binod Kumar əmin olduğunu bildirib ki, bundan sonra ŞƏT-na üzv ölkələr siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha yaxından əməkdaşlıq edəcəklər.
Əfqanıstan, Belorus, Monqolustan və İran təşkilatda müşahidəçi statusuna malikdir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd