MƏDƏNİYYƏT
Sapporo festivalında Heydər Əliyev Mərkəzinin qardan hazırlanmış fiquru da nümayiş etdirilir
Tokio, 6 fevral, AZƏRTAC
Fevralın 5-də Yaponiyanın Hokkaydo adasında başlayan 67-ci Sapporo beynəlxalq qar fiqurları festivalında Azərbaycan Heydər Əliyev Mərkəzinin və milli geyimli insanların qardan hazırlanmış fiqurları ilə təmsil olunur.
Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, məqsəd Azərbaycanı yalnız Yaponiyada deyil, həm də bütün Cənub-Şərqi Asiyada daha yaxından tanıtmaqdır.
Möhtəşəmliyi ilə seçilən festival barədə məlumat verən həmvətənimiz qeyd edib ki, 67-ci dəfə təşkil olunan tədbir bütün dünyada populyarlığı ilə seçilir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox turist ziyarət edir.
Azərbaycanı Uzaq Şərqdə geniş təbliğ etmək baxımından bu festivalın nadir imkan olduğunu vurğulayan Ə.Məmmədov Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti kimi, vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən həmvətənimiz 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və ötən il ölkəmiz festivalda qədim Qız qalası və qardan düzəldilmiş milli geyimli insan fiqurları ilə təmsil olunub. Bu dəfə isə Azərbaycanın məşhur memar Zaha Hadidin müəllifi olduğu, nadir memarlıq nümunəsi sayılan Heydər Əliyev Mərkəzinin fiquru ilə təmsil olunması barədə Ə.Məmmədovun təklifi təşkilatçılar tərəfindən maraqla qarşılanıb.
Soydaşımız vurğulayıb ki, ölkəmizlə əlaqədar qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsində məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında təsəvvür yaratmaqdan, xalqımızın ümummilli lideri Heydər Əliyev barədə məlumat verməkdən ibarətdir.
Hündürlüyü 4, eni 3 metr olan ümumi kompozisiya festivala gələn ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında və daha iki yerdə təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 200-dən çox heykəl nümayiş etdirilir. Fiqurlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən hazırlanıb.
Festival gələn həftənin sonunadək davam edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio