CƏMİYYƏT
Saray qəsəbəsində odlu silahla cinayət törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 2-də saat 12:50 radələrində Abşeron Rayon Polis Şöbəsindən rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən “Makarov” markalı odlu silahdan açılan atəş nəticəsində “boynun və döş qəfəsinin odlu silah yaralanması” xəsarəti ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Q.Kərimova Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.