SİYASƏT
Şarcə Media Mərkəzi AZƏRTAC ilə müştərək layihələr həyata keçirmək istəyir VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Şarcə Media Mərkəzi ilə AZƏRTAC-ın genişlənən əlaqələri xalqlarımızın bir-birini daha yaxından tanımasına, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək. İki ölkənin media qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsində müştərək layihələr mühüm rol oynaya bilər.
Bu fikirləri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Şarcə Əmirliyinin Media Mərkəzinin prezidenti Şeyx Sultan bin Əhməd əl-Qasimi AZƏRTAC-da keçirilən görüşdə deyib.
Baş direktor Aslan Aslanov AZƏRTAC-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında rolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, AZƏRTAC ilə bir sıra ərəb xəbər agentlikləri, o cümlədən BƏƏ-nin xəbər agentliyi (WAM) arasında informasiya mübadiləsinə dair müqavilə imzalanıb. Beynəlxalq və regional media qurumlarında da uğurlu əməkdaşlıq həyata keçirilir.
Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafında böyük xidmətləri xatırlanıb, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndiyi vurğulanıb.
Qonaqpərvərliyə görə təşəkkür edən Şarcə Media Mərkəzinin prezidenti Şeyx Sultan bin Əhməd əl-Qasimi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, gələcəkdə AZƏRTAC ilə media sahəsində müştərək layihələr həyata keçirmək arzusunu bildirib. O, iki media qurumu arasındakı əlaqələrin və informasiya mübadiləsinin genişlənməsi üçün əlindən gələni edəcəyini deyib.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.