İQTİSADİYYAT
Şarcədan Bakıya birbaşa aviareyslə ilk təyyarə yola düşüb
Dubay, 16 mart, AZƏRTAC
Martın 16-da Azərbaycanın paytaxtı Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin Şarcə əmirliyi arasında birbaşa aviareys açılıb və Şarcə əmirliyinin “AirArabia” aviaşirkətinə məxsus təyyarə ilk reyslə Azərbaycan paytaxtına yola düşüb.
Bu münasibətlə keçirilən təntənəli mərasimdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Şeyx Abdulla Məhəmməd əl-Tani, Şeyx Məhəmməd bin Abdulla əl-Tani, Şeyx İsam Saqer əl-Qasimi, Şeyx Fahim bin Sultan əl-Qasimi, Şeyx Xalid bin İsam əl-Qasimi və “AirArabia” aviaşirkətinin baş icraçı direktoru Adil Abdullah Əli həmin reyslə Bakıya yola düşüblər.
Qeyd etmək lazımdır ki, reyslər həftədə dörd dəfə yerinə yetiriləcək, gələcəkdə, yay fəslində reyslərin sayı həftədə 7-yə, tələbat artıqda isə həftədə 10-a çatdırıla bilər.
Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bildirib ki, BƏƏ-nin iri əmirliklərindən biri ilə Bakı arasında birbaşa aviareys açılması hər iki ölkə üçün mühüm hadisədir. Bu, iki dövlət arasında qarşılıqlı əlaqələrin, o cümlədən turizm sahəsində əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
Səfir vurğulayıb: “Son vaxtlar Bakıya turizm axını nəzərəçarpacaq dərəcədə artıb. BƏƏ-dən Bakıya yeni birbaşa aviareys açılandan sonra isə, şübhəsiz, Bakıya turizm axını qat-qat çoxalacaq. Bunu demək kifayətdir ki, keçən il təkcə iyul ayı ərzində BƏƏ-dən Azərbaycana 10 mindən çox turist gəlib. Biz güman edirik ki, Şarcədan Bakıya yeni reys açılması ilə əlaqədar bu göstərici xeyli artacaq. Bundan əlavə, ölkəmizin səfirliyi BƏƏ–Naxçıvan reysinin açılması üçün fəal iş aparır. “FlyDubai” aviaşirkəti yay fəslində hər gün Dubay-Qəbələ marşrutu üzrə sərnişin daşıyacaq”.
D.Şikarov bir məqamı xüsusi vurğulayıb ki, ölkəmizin səfirliyi bu aviareyslərə biletlərin qiymətinin azaldılması istiqamətində iş aparır.
Qeyd etmək lazımdır ki, hazırda Bakı ilə Dubay arasında sutkada dörd reys həyata keçirilir. Həmin reyslərin ikisi “Azərbaycan Hava Yolları”, digər ikisi isə Dubay Əmirliyinin “FlyDubai” aviaşirkəti tərəfindən yerinə yetirilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay