MƏDƏNİYYƏT
Şarm Əl-Şeyx azərbaycanlı turistləri qəbul etməyə hazırdır VİDEO
Şarm Əl-Şeyx, 24 dekabr, İbad Bağırov, AZƏRTAC
Misirin Şarm Əl-Şeyx şəhəri azərbaycanlı turistləri qəbul etməyə hazırdır.
AZƏRTAC-ın Misirə ezam olunan müxbiri xəbər verir ki, bunu dekabrın 24-də Şarm Əl-Şeyxdə Cənubi Sina yarımadasının qubernatoru general Xalid Fuda azərbaycanlı jurnalistlərlə keçirilən görüşdə bildirib.
“Dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə Azərbaycandan olan turistlərin istirahətini daha rahat təşkil etmək üçün yarımada rəhbərliyi Bakı ilə bu şəhər arasında birbaşa aviareysin açılması ideyasını dəstəkləyir”, - deyə qubernator bildirib. Aviareysin açılması təşəbbüsü artıq irəli sürülüb və bu təklif hər iki ölkənin müvafiq dövlət qurumları tərəfindən dəstəklənməkdədir.
X.Fudanın sözlərinə görə, Misirdə turizmin bütün növləri inkişaf edib. Cənubi Sina qubernatorluğu azərbaycanlı turistləri bu bölgənin təbii gözəlliyindən faydalanmağa çağırir. Bildirilib ki, birbaşa aviareysin açılması məsələsi onun yanvarda Bakıya planlaşdırdığı səfəri zamanı müzakirə mövzularından biri olacaq. Hazırda Azərbaycandan olan turistlər Şarm Əl-Şeyxə Tibilisidən səfər edirlər, bu isə müəyyən çətinliklər yaradır. Bakı ilə Şarm Əl-Şeyx arasında açılması planlaşdırılan birbaşa aviareys bu sahədə çətinlikəri aradan qaldıracaq. O bildirib ki, regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur.
Bildirilib ki, cari ilin avqustunda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin Misirə səfəri çərçivəsində iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı geniş müzakirə olunub. Qeyd edilib ki, birbaşa aviareysin açılması iqtisadi əlaqələrin genişlənməsinə böyük töhfə verəcək. Azərbaycan investorları regionda turizmlə yanaşı, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə investisiya yatıra bilərlər.
Azərbaycana planlaşdırılan səfəri zamanı nümayəndə heyətinin tərkibində yer alacaq bir qrup misirli iş adamı ölkəmizdəki həmkarları ilə işgüzar əlaqələri müzakirə edəcək.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev ölkəmizin Misirlə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O vurğulayıb ki, aviareysin açılması ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək. Səfir, həmçinin diqqətə çatdırıb ki, Qəbələ və Şarm Əl-Şeyx şəhərlərinin qardaşlaşması ilə əlaqədar iş aparılır və yaxın vaxtlarda bununla bağlı sazişin imzalanması gözlənilir.
Görüşdə səfirə xatirə hədiyyəsi təqdim olunub.
Şarm Əl-Şeyxə gələn Azərbaycanın mətbuat nümayəndələrinin şərəfinə qubernatorun adından ziyafət verilib.
İbad Bağırov
AZƏRTAC-ın müxbiri
Şarm Əl-Şeyx