ELM VƏ TƏHSİL
“Şauder bazisinin bəzi ümumiləşmələri haqqında” monoqrafiyası nəşr olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun elmi redaktorluğu ilə “Şauder bazisinin bəzi ümumiləşmələri haqqında” monoqrafiyası çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyanın müəllifləri riyaziyyat elmləri doktoru Yaqub Məmmədov və riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Nəcəfovdur.
Yaxınlaşma nəzəriyyəsinin vacib istiqamətlərindən olan bazislərə həsr edilən yeni nəşrdə nilpotent və idempotent operatorların yaratdığı analitik funksiyalar üçün Koşi nəzəriyyəsinin bəzi ümumiləşmələri yer alıb.
Nəşrdə təklif olunan nəzəriyyədən istifadə edilərək bazislər nəzəriyyəsinin uyğun anlayışları müəyyənləşdirilib və əsas klassik faktların doğruluğu isbat olunub. Monoqrafiyada, həmçinin analitik funksiyalar nəzəriyyəsinin Riman sərhəd məsələsinin bir abstrakt ümumiləşməsinə nəzər salınıb, uyğun bazis anlayışları daxil edilib və bazislik məsələlərinin öyrənilməsinə sərhəd məsələsi metodu tətbiq olunub.