DÜNYA
“Saudi Aramco” ilə “SABIC” neft-kimya sahəsində birgə layihə icra etməyə başlayıb
Bakı, 1 iyul, Nihad Budaqov, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” ilə bu ölkənin “SABIC” təşkilatı gələn ilin sonunadək icra olunması nəzərdə tutulan neft-kimya sahəsində birgə layihəyə başlayıblar.
AZƏRTAC “The Gulf Today”ə istinadla xəbər verir ki, layihə neft əsaslı kimyəvi maddələrin çıxarılmasını əhatə edir. Layihənin icrası müddətində təxminən 100 minə yaxın iş yeri yaradılacaq. Layihə çərçivəsində neftin törəməsi nafta ilə yanaşı, digər aşağı dərəcəli məhsullardan istifadə olunmaqla neftdən asılılığın azaldılması hədəflənir.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən “Saudi Aramco” ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən bir barrelini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.