REGİONLAR


Savaş Uzan: “Made in Azerbaijan” brendi ilə 36 ölkəyə 320 adda məhsul ixrac edirik

Bakı, 19 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində idxaldan asılılığın azaldılması, ixracın artırılması və yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təmsil olunması ilə bağlı müvafiq tapşırıqlar verildi. “Made in Azerbaijan” brendinin artıq dünyada özünü göstərdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Eyni zamanda, bu işə böyük dövlət şirkətləri və özəl şirkətlər də cəlb olunmalı, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etməlidirlər.

Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərdən biri də “Azersun Holdinq” MMC-dir. Cəmiyyətin baş direktoru Savaş Uzan AZƏRTAC-a müsahibəsində bildirib ki, həmin müşavirədə o da iştirak edib və “Azersun Holdinq” MMC Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edəcək.

Savaş Uzan qeyd edib ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən “Azersun Holdinq” dövlətin dəstəyi ilə böyük uğurlara imza atır, iri infrastruktur və kənd təsərrüfatı layihələri reallaşdırır. Hazırda “Made in Azerbaijan” brendi ilə ixrac olunan bir çox məhsulun adının altında “Azersun Holdinq”in də imzası var. Holdinq ikisi Amerika qitəsinə, 21-i Avropaya, 6-sı MDB-yə, 7-si Uzaq Şərqə və Asiyaya olmaqla, dünyada ümumilikdə 36 ölkəyə 320 adda məhsul ixrac edir.

“2016-cı ildə “Azersun Holdinq”in müəssisələrində istehsal olunan 164 min ton məhsul ixrac edilib və ümumilikdə ölkəyə 110 milyon dollar valyuta gətirilib. 2017-ci ilin birinci rübündə isə 32 min ton məhsulun müqabilində ölkəyə 27 milyon dollar valyuta cəlb edilib”, - deyən baş direktor bildirib ki, dövlətimizin başçısının verdiyi göstəriş və tapşırıqlar əsasında reallaşdırılan islahatlar Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərir. Son zamanlar Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin ayırdığı kreditlərdən də istifadə edən şirkət böyük istehsal sahələri yaradaraq minlərlə yeni iş yeri açıb. “Məhz bu dəstəyin nəticəsində Aktauda İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə açdığımız “Azərsun” Logistika Mərkəzi, Azərbaycanın bitki yağlarına tələbatını tam ödəmək gücünə malik Sumqayıt yağ zavodu, “Green Tech” müasir istixana kompleksi kimi onlarla müəssisə tikilərək istifadəyə verilib. Hazırda Padarda 5 min hektar ərazidə müasir kənd təsərrüfatı kompleksində işlər sürətlə davam etdirilir. Yeni müasir avadanlıqla təchiz olunan bu müəssisələr yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsal etməklə ölkəmizin ərzaq təminatına töhfələr verir”, - deyə o vurğulayıb.

Savaş Uzan qeyd edib ki, hazırda Azərbaycan istehsalı olan və üzərində “Made in Azerbaijan” brendini daşıyan “Azerçay” markası, “Saville” və “Bizim tarla” nar şirəsi xaricdə ölkəmizi layiqincə təmsil edir. Almaniyanın “Heinemann” şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, “Azerçay” markası dünyanın 50-dən çox hava limanında “Duty Free” mağazalarında istehlakçılara təqdim olunur.

Prezident İlham Əliyev müşavirədə yerli məhsulların xarici KİV-lərdə reklam olunmasının vacibliyinə də toxunub. Bu barədə danışan Savaş Uzan bildirib ki, bu gün “Azerçay” dünyanın aparıcı idman yarışlarında, beynəlxalq tədbirlərdə baş sponsor kimi iştirak edir, Azərbaycanın çay ənənələrini, mədəniyyətini, milli maraqlarını uğurla təmsil edir. Rusiyanın tanınmış telekanallarında bir çox populyar televiziya verilişlərində “Azerçay” bir nömrəli çay markası olaraq ölkəmizin uğurlu brendi kimi təqdim olunur. Eyni zamanda, “Saville” nar şirəmiz Amerika və Avropanın bir çox ölkəsinə ixrac edilir və ona olan maraq gündən-günə artmaqdadır. Yağ zavodunda istehsal olunan məhsullarımız dünyanın ən böyük iki “fast-food” şirkətinin beynəlxalq yoxlamalarından yüksək nəticələrlə keçib və bu regiondakı mağaza şəbəkələrində təklif olunmağa başlanıb. Eyni zamanda, şəkər zavodunda istehsal olunan “Azərşəkər” markalı şəkərimiz dünyanın içki sektorunda aparıcı lider firmalarının Avropadakı laboratoriyalarında yoxlanılıb, təsdiqlənib və regiondakı bütün zavodlarda istifadə edilir.

Ərzaq təhlükəsizliyinin önəminə də toxunan MMC-nin baş direktoru deyib: “Dövlətin və şəxsən Prezident İlham Əliyevin dəstəyi nəticəsində Azərbaycanın əkinə yararsız on minlərlə hektar torpağı yenidən yararlı vəziyyətə gətirilib və ölkəmizin ərzaq təhlükəsizliyinə mühüm töhfə olub. Bütün bu islahatlarla ayaqlaşmaq üçün biz də şəkər çuğunduru əkinlərinin 20 min hektara çatdırılmasını qarşımıza hədəf qoymuşuq. Hazırda 14 min hektar ərazidə şəkər çuğunduru əkinləri davam etməkdədir. Eyni zamanda, İmişlidəki şəkər zavodunun gündəlik şəkər çuğunduru emal potensialı 10 min tona çatdırılıb. Zavod Azərbaycanın tələbatını üç dəfə ödəyəcək gücə malikdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.