İQTİSADİYYAT
Saxta dərman vasitələri yandırılaraq məhv edilib
Bakı, 25 may, Elvin Camalov, AZƏRTAC
Rusiya, Ukrayna və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri yandırılaraq məhv edilib.
AZƏRTAC xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin inspektoru İsmayılov Rövşən bildirib ki, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir. Bu istiqamətdə əlaqədar dövlət qurumları ilə aparılan işgüzar əməkdaşlıq nəzarət tədbirlərinin də effektivliyini artırıb.
Onun sözlərinə görə, Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nümunələr üzərində aparılan analizlərin nəticələri müvafiq tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatları müəyyən edilərək dövriyyədən çıxarılıb.
R.İsmayılov qeyd edib ki, Rusiya Federasiyası, Ukrayna və Avropa ölkələrindən "Referans Pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma" və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 milyon 24 min 975,73 rubl, 15 min 339 avro, 92 min 233,60 ABŞ dolları və 448 türk lirəsi, ümumilikdə isə 200 min manat dəyərindəki dərman vasitələri ekoloji poliqonda yandırılaraq məhv edilib