İQTİSADİYYAT
Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb
Bakı, 3 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonunun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada yoxlama aparıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub. Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanıb və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs barəsində qanunamüvafiq tədbirlər görülür.