CƏMİYYƏT


Saxta pul hazırlayan şəxslər tutulub

Bakı, 18 may, AZƏRTAC

Daxili işlər orqanları saxta pulların hazırlanaraq dövriyyəyə buraxılması hallarının qarşısının alınması və bu qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginaslar, o cümlədən 0,439 qram heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əsginasları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əsginaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.