İDMAN
Saymon Kleq: Mingəçevirdə yarış iştirakçıları üçün yaradılan şərait Bakıda olan şəraitdən heç də geri qalmır VİDEO
Mingəçevir, 4 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Çox şadam ki, birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıq işləri başa çatmaq üzrədir. Mən bu gün “Kür” Olimpiya Tədris İdman Mərkəzi, eləcə də yarışların keçiriləcəyi ərazi, idmançıların və qonaqların yerləşəcəyi obyektlərdə hazırlıq işlərinin gedişi ilə tanış oldum. Mövcud şəraiti yüksək qiymətləndirirəm və bütün işlər lazımi səviyyədə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 4-də Mingəçevirə səfər edən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq jurnalistlərə müsahibəsində deyib.
O, avropalı idmançıların və qonaqların onlar üçün yaradılan şəraitdən razı qalacaqlarına əmin olduğunu bildirib: “Mingəçevirdə yarış iştirakçıları üçün yaradılan şərait paytaxt Bakıda olan şəraitdən heç də geri qalmır. Avarçəkmə yarışlarında 37 ölkədən 295 idmançı iştirak edəcək. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçısıdır. Onlardan 20-si qızıl medal sahibidir. Beləliklə, tamaşaçılar tanınmış idmançıların mükafatlar uğrunda mübarizəsini yaxından seyr edə biləcəklər. Yarışları izləmək üçün ərazidə ən müasir texnoloji yeniliklər tətbiq ediləcək. Birinci Avropa Oyunları insanların böyük marağına səbəb olacaq. Ümumiyyətlə, Mingəçevirdə yarışlarla bağlı görülən işlərdən çox razıyam. Bu gün səhər “Kür” çayında suyun təmizliyini test etdik, hovuzlara, qayıqların saxlanılması yerlərinə baxış keçirdik. Yarış ərazisinin və atletlər kəndinin təmizliyi çox yaxşıdır”.
Saymon Kleq Mingəçevirin avarçəkmə yarışları ilə bağlı 50 illik bir tarixi olduğunu qeyd edib. O, burada yarışların keçirilməsi üçün yaxşı ənənə və münbit şəraitin olduğunu vurğulayıb: “Ümid edirəm ki, Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla iştirak edərək qızıl medal qazanacaqlar. Mingəçevirdəki avaçəkmə yarışları “Bakı-2015” Avropa Oyunlarının bir hissəsidir. Bu yarışları dünyada 1 milyarddan çox insan televiziya vasitəsilə birbaşa izləyə biləcək. Bu, Mingəçevir şəhərinin idman mərkəzi kimi bütün dünyaya təqdim olunması üçün bir fürsətdir. Yarışların gələcəkdə Mingəçevirə və yerli sakinlərə çox yaxşı təsiri olacaq. Oyunlar üçün biletlərin satışı prosesi yüksək səviyyədə davam edir. Ümid edirəm ki, biletlərin satışı qısa vaxtda başa çatacaq. Birinci Avropa Oyunlarının çox möhtəşəm və inanılmaz şəkildə keçəcəyinə əminəm”.