MƏDƏNİYYƏT


“Sazın gəncliyi, gəncliyin sazı” adlı konsert olub

Bakı, 16 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənc aşıqların “Sazın gəncliyi, gəncliyin sazı” adlı yekun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosent Fəzail Misginli saz sənətinə verilən qiymətə və gənc aşıqların inkişafına göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun nazirliyin dəstəyi ilə keçən ildən başlayaraq “Gəncləşən sazım” layihəsini irəli sürdüyünü və bu layihənin gənc aşıqların püxtələşməsində böyük rol oynadığını bildirib. Müasir dövrün sürətli inkişafına, texnologiyanın həyatımızda xüsusi yer tutmasına baxmayaraq, qədim adət-ənənələrimizi, milli musiqimizi qorunmağın vacibliyini vurğulayıb. Layihə çərçivəsində gənclərin bu sənətə gəlişinə dəstək olmaq, onların sənət həyatına stimul vermək üçün müxtəlif tədbirlər həyata keçirildiyini qeyd edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini xalqımızın uğuru kimi dəyərləndirən F.Misginli milli irsimizin bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərdiyini söyləyib. Qeyd edib ki, layihənin əsas məqsədi aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılması, bu sənətin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simalar gətirmək, gənclərin aşıq sənətinə marağını artırıb, gənc istedadlar üzə çıxarmaqdır.

Konsertdə bütün bölgələr üzrə layihə çərçivəsində qalib olan gənclərin sazda ifaları dinlənilib.

Sonda fərqlənənlərə nazirliyin fəxri diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.