ELM VƏ TƏHSİL
“Schlumberger” şirkəti ADNSU ilə uzunmüddətli əməkdaşlığa hazırdır
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiyada personal yığımı və universitetlərlə iş üzrə idarəsinin rəhbəri Andrey Qerdyuş, həmçinin şirkətin texniki personalın yığımı və Xəzər bölgəsi universitetləri ilə iş üzrə meneceri Aset İskakov ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin “Schlumberger” ilə zəngin əməkdaşlıq tarixinin olduğunu vurğulayan rektor universitetin məzunlarının fəaliyyəti barədə şirkətin nümayəndələrinin də məlumatlı olduğunu vurğulayıb. ADNSU-nun vaxtilə SSRİ-nin 10 ən yaxşı ali məktəbindən biri olduğunu, xarici ölkələr üçün mütəxəssis yetişdirən universitetlər arasında ilk üçlükdə yer aldığını söyləyən M.Babanlı ali təhsil ocağının fəaliyyəti, keçirilən islahatlar, tədrisin keyfiyyətini yüksəldilməsi istiqamətində görülən işlər barədə danışıb. Rektor ADNSU və Strasburq Universitetinin birgə iştirakı ilə yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında da qonaqlara məlumat verib.
M.Babanlı UFAZ-da təhsilini başa vuran tələbələrə ADNSU-nun və Strasburq Universitetinin diplomlarının veriləcəyini bildirib. Vurğulanıb ki, UFAZ-ın tələbələri ilə yanaşı, ADNSU-nun tələbələrinin də yeni laboratoriyalarla təmin olunması sahəsində işlər aparılır, lakin “Schlumberger” kimi şirkətlərin yeni avadanlığın alınması istiqamətində verə biləcəyi dəstək böyük əhəmiyyətə malikdir.
Görüşdə A.Qerdyuş ADNSU-nun məzunu Aydın Kərimovun hazırda “Schlumberger” şirkətinin nümayəndəliyinə rəhbərlik etdiyini, şirkətin əməkdaşları arasında bu universitetin xeyli məzununun olduğunu bildirib. Savadlı gənc mühəndislərə ehtiyacın tam ödənmədiyini qeyd edən A.Qerdyuş diqqətə çatdırıb ki, “Schlumberger” şirkəti ADNSU ilə uzunmüddətli əməkdaşlığa hazırdır.