CƏMİYYƏT


“Schneider Electric” şirkəti BANM-də seminar keçirib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər və mühəndis-texniki işçiləri üçün “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda üçgünlük seminar keçirilib.

BANM-dan AZƏRTAC-a bildiriblər ki, “Schneider Electric” şirkəti tərəfindən təşkil olunan seminarda standartlarla bağlı təqdim edilən məruzələr müəssisə və təşkilatların istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya, təhlükəsizlik texnikası, əmək və ətraf mühitin mühafizəsi, standartlaşdırma və bu sahələrdə layihələndirmə və tədqiqat işlərini həyata keçirən, müxtəlif kateqoriyadan olan mütəxəssislər üçün nəzərdə tutulub.

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin inkişaf tarixi, əldə olunan nailiyyətlər və perspektiv planları haqqında məlumat verib. Rektor müasir şəraitdə istehsalat müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini, bu istiqamətdə tətbiq edilən standartların daim mükəmməlləşdirildiyini söyləyib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov təhlükəsizlik məsələlərinin əhəmiyyətini qeyd edib, seminarın işinə uğurlar arzulayıb.

Seminarda “Proseslərin təhlükəsizliyinə rəhbərlik” və “Texnoloji proseslərin idarə edilməsi” mövzularında keçirilən sessiyalarda “Schneider Electric” şirkətinin eksperti Farşad Hendinin müasir standartlara dair mühazirələri dinlənilib, müzakirələr aparılıb.

“İstismar və texniki xidmət” mövzusunda keçirilən sessiyada istismara, fövqəladə vəziyyətlərə hazırlıq, yoxlama və texniki xidmət, mühüm təhlükəsizlik avadanlığına, icraya nəzarət, iş icazəsi, ayrı-ayrı fəaliyyət növləri üzrə risklərin idarə edilməsi və digər məsələlər diqqət mərkəzində olub.

Seminarın funksional təhlükəsizlik məsələlərinə həsr olunan sessiyada mütəxəssislərlə yanaşı, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan ikinci və üçüncü kurs tələbələri də iştirak ediblər. Sessiyada istismar və texniki xidmətlə bağlı bacarıqların idarə olunması, tətbiq edilən beynəlxalq standartlar, funksional təhlükəsizliyin layihələndirilməsi, həyata keçirilməsi və idarə olunması məsələləri nəzərdən keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.