DÜNYA
“Scotland Yard” Londonda yaşayış binasının yanma səbəbini açıqlayıb
Bakı, 23 iyun, AZƏRTAC
Londonda çoxmərtəbəli yaşayış binasında baş verən və onlarla insanın ölümünə səbəb olan dəhşətli yanğın nasaz soyuducunun ucbatından baş verib. Bunu Scotland-Yardın nümayəndəsi Fiona Makkormek bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda istehsalçı-kompaniya soyuducunun ekspertizasını aparır.
Makkormekin sözlərinə görə, polis Böyük Britaniyanın Energetika Nazirliyi ilə aktiv əməkdaşlıq edir. Nazirlik də öz növbəsində yanğın işi üzrə istehsalçı-kompaniya ilə əlaqələr qurur.
Xatırladaq ki, Londonun qərbindəki çoxmərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın iyunun 14-ü gecə saatlarında baş verib. Yanğınsöndürənlər alovla bir sutkaya yaxın mübarizə aparıblar. Faciə nəticəsində azı 30 nəfərin həlak olduğu rəsmən təsdiqlənib, ikin düşmüş daha 28 nəfər də ölmüş sayılır.
Yanmış binanın yerləşdiyi Şimali Kensinqton Londonun firavan olmayan rayonlarından sayılır. Burada Afrika, Yaxın Şərq və Pakistandan, həmçinin Şərqi Avropadan olan çoxlu insan yaşayır.