SİYASƏT
Səadət Qədirova: “Azərbaycan Şərq ilə Qərb arasında dialoqun yeni formalarını yaradır”
Moskva, 21 yanvar, AZƏRTAC
Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, TASS agentliyinin Diplomatik İnformasiya Qurumları ilə Əlaqələr Şöbəsinin rəhbəri Səadət Qədirova AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını şərh edərək deyib ki, bu gün Azərbaycan regionda islam cəmiyyətinin mahiyyətini özündə əks etdirən mühüm elementdir.
Jurnalistin fikrincə, “Bu gün islam öz inkişaf yolunun mürəkkəb mərhələsindədir, onu hörmətdən salırlar, təhrif edirlər, müsəlmanlar çətin sınaqlara məruz qalır, onlarla manipulyasiya etməyə çalışırlar. Bu cür dünyada yaranmış mürəkkəb konyunktur şəraitində öz evini – öz ölkəsini dünya islam diskursu məkanına çevirmək onu göstərir ki, bu ölkə və onun prezidenti təkcə liderliyi bəyan etməklə kifayətlənməyib, həm də bunun üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır”. S.Qədirovanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi probleminin həlli bütün dünya azərbaycanlıları üçün başlıca birləşdirici nüvəyə çevrilib. O deyib: “İslam dünyası çox böyük siyasi qüvvə deməkdir və heç kəs üçün gizli deyil ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sessiyalarından birində islam ölkələrinin əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında tənzimlənməsi məsələsində Azərbaycanı dəstəkləyib. Azərbaycan da öz növbəsində, islam ölkələrinin mənafelərini dəstəkləyən bir dövlət kimi, 2012-2013-cü illərdə bu ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması məsələsində İƏT üzvü olan ölkələrin dəstəyinə güvənirdi”.
S.Qədirova qeyd edib ki, son 10-15 il ərzində Azərbaycan həm iqtisadiyyatda, həm də siyasətdə ardıcıl inkişaf nümayiş etdirib. Jurnalistin fikrincə, “Azərbaycan “dəyirmi masa”sının əsas formatı birləşdirici platforma, yəni Şərq ilə Qərbin dialoqunun yeni formalarının yaradılması olub. Belə məkanlar humanitar, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın yeni formalarını tapmağa imkan verir. Dünyəvi və formatına görə Avropa tipli dövlət olan Azərbaycan özünün islami köklərinə və ənənələrinə sadiq qalır. Bu ölkənin unikallığı ondan ibarətdir ki, “azərbaycançılıq” İslamı və Xristianlığı, Zərdüştiliyi və türkçülüyü, Avropanı və Asiyanı təcəssüm etdirməklə dünya siyasi nəzəriyyələr tarixində yeni mərhələ yaradır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva