İQTİSADİYYAT
“Səba” şirkəti qarğıdalı və soya istehsalçılarına bələdçilik edəcək
Bakı, 9 fevral, AZƏRTAC
Dünyanın məşhur toxum istehsalçısı “Pioneer” şirkətinin eksklüziv distribüteri olan “Səba” bu şirkətlə yeni bir layihəyə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda yalnız qeyri-GMO (Genetik Modifikasiya Olunmamış) qarğıdalı və soya toxumları yetişdirən “Səba” bu sahə ilə məşğul olmaq istəyən yerli fermerlərə bələdçilik edəcək.
Ayova Dövlət Universitetinin (Iowa State University) alimlərinin “Pioneer” üçün hazırladığı “Qarğıdalı və soya sahələri üçün bələdçi” kitabçasını “Səba” şirkəti Azərbaycan dilinə tərcümə etdirib. Kitabçada qarğıdalı və soya bitkilərinin becərilməsi, bitkilərə aqrotexniki qulluq, zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldarlıq üçün lazım olan vərdişlər barədə ətraflı məlumat verilib.
Rəngli kitabça cədvəl, sxem və fotolarla zəngindir, fermerlərə verilən hər bir məlumatın əyani şəkillə müşayiət olunmasını təmin edir.
“Səba” şirkəti kitabların fermerlərə paylanması ilə kifayətlənməyib, onlar üçün kitabçadakı məlumatlar üzrə treninqlər də keçirməsini nəzərdə tutur.
Qeyd edək ki, “Səba”ya daxil olan “Qarabağ Taxıl” MMC ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatıdır. Müəssisə 3 ildən artıq bir müddətdir ki, Ağcabədi və Beyləqan rayonlarında 4800 hektar ərazidə qarğıdalı və buğda becərir. 2016-cı ildə ölkədə ilk dəfə olaraq 1500 hektar sahədə soya becərib. “Səba” şirkətinin digər müəssisəsi – “Qarabağ Toxum” MMC isə taxıl toxumu istehsalçısı kimi dövlət reyestrində qeydiyyata alınıb.