ELM VƏ TƏHSİL
Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Bakıdakı 18 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Səyyar qəbulda iştirak edən vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, müəllimlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən irəli sürülən bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.