ELM VƏ TƏHSİL
Səbail, Sabunçu və Nərimanov rayonlarında səyyar qəbullar keçiriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar yanvarın 30 –da Səbail, Sabunçu və Nərimanov rayonlarında keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Səbail rayonu üzrə 189-190 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 87, 160, 189-190 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Sabunçu rayonu üzrə 252 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Bakıxanov qəsəbəsindəki 72, 74, 94, 96, 107, 169, 213, 252, 271, 309 nömrəli məktəblərin, 47 nömrəli Məktəbdənkənar iş mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.
Nərimanov rayonu üzrə Məktəb Lisey Kompleksində keçiriləcək səyyar qəbula isə 36, MLK, 258 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədini daşıyır.