CƏMİYYƏT
Səbail məktəblərində Bilik günü təntənəli şəkildə qeyd olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Səbail rayonunun bütün orta təhsil müəssisələrində Bilik günü təntənəli şəkildə qeyd olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yeni tədris ilində rayonda 16 məktəbdə dərslərə başlanılıb. Keçən tədris ilində rayonun orta məktəblərini 1.462 nəfər bitirib, onlardan 1.023-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 79-u 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplayıb. 118 nəfər isə xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. Təhsil ilinin yekununa görə Səbail rayonu üzrə səkkiz məzun qızıl, bir məzun isə gümüş medala layiq görülüb.
Bilik günü münasibətilə təşkil edilən tədbirlərdə qeyd olunub ki, ölkəmizdə təhsil sahəsində qazanılan bütün uğurlar Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Dövlətimizin başçısının təhsilə olan diqqət və qayğısının nəticəsidir ki, respublikamızda, həmçinin Səbail rayonunda yeni məktəb binaları tikilib, bəziləri əsaslı təmir olunaraq bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz olunub.
Valideynlər və qonaqlar məktəblərin yeni dərs ilinə hazırlığını yüksək qiymətləndiriblər.