ELM VƏ TƏHSİL
Səbail rayonu yeni tədris ilinə hazırdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin lazımi təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzindədir. Rayonda 5 ali, 17 orta və 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onların yeni dərs ilinə hazırlığına və yay mövsümündə məktəblərdə aparılan təmir işlərinə Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən nəzarət daha da ciddi olub.
RİH-dən AZƏRTAC-a bildiriblər ki, tədris ilinin yekunlarının müzakirəsi məqsədilə və qəbul imtahanlarında yüksək nəticələr göstərən bir qrup səbailli gənclərlə görüşmək üçün tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə təhsil sahəsində görülən işlərdən, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, tərəfindən təhsilə diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, son illər qazanılan bütün uğurlar dövlətimizin başçısının təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsidir. Belə ki, ötən tədris ilində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq 190 nömrəli orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.
Tədbirdə RİH Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov ötən tədris ilində orta təhsil müəssisələrinin qazandığı uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, ötən tədris ilində 1462 nəfər rayonun orta məktəblərini bitirib, onlardan 1023-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 173-ü 500-dən, 79-u 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplayıb. Həmçinin Səbail rayonundan olan 118 gənc xarici ölkələrin müxtəlif ali məktəblərinin tələbəsi adını qazanıb. 2015-2016-cı təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 8 məzun qızıl və 1 məzun gümüş medala layiq görülüb.
Tədbirdə çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, 236 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda RİH tərəfindən bu il keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentlərə Azərbaycan və dünya ədəbiyyatı korifeylərinin nəfis tərtib olunmuş əsərləri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitablar və fəxri fərmanlar təqdim olunub.