CƏMİYYƏT
Səbail rayonunda Çernobıl əlillərinə qayğı ilə yanaşılır
Bakı, 25 aprel, AZƏRTAC
Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş 96 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir və onlara dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər verilir. Son illərdə rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 5 nəfər minik avtomobili ilə təmin olunub, 58 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılır.
Bu fikirlər Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşündə səsləndirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə Çernobıl qəzasına həsr olunmuş film nümayiş etdirilib.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu dəhşətli qəzanın bütün dünyada əks-səda doğurduğunu bildirib. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 31 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Dövlətimizin başçısı İlham Əliyevin Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərə göstərdiyi qayğıdan danışan Eldar Əzizov onların pensiya və müavinətlərinin artırıldığını, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.