İQTİSADİYYAT
Səbail rayonunda cari ilin birinci rübündə görülən işlər müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yığıncaqda rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub. İcra başçısı son üç ay ərzində ölkədə qeyri-neft sektorunun 2,4 faiz, qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3,5 faiz, bitkiçiliyin 20 faizdən çox artdığını deyib. Birinci rübdə ölkənin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artaraq, ümumilikdə, 38,5 milyard dollar təşkil edib. Bu dövr ərzində ölkə üzrə ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəriciləridir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin birinci rübündə rayonda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verib. Bildirilib ki, rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 152,7 milyon manat məbləğində və ya 5,2 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən isə əhaliyə 69,7 milyon manatlıq pullu xidmət göstərilib. Qeyd olunub ki, son 3 ay ərzində Səbail rayonunda 952 daimi iş yeri açılıb. Hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət Muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Badamdar şosesinin müasir standartlara uyğun yenidən qurulması aparılır. Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir. 2016-cı ildə Bibiheybət qəsəbəsində “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”da 29 hektarda 75 min yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə 5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınıb. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.