CƏMİYYƏT
Səbail rayonunda daha bir nümunəvi məhəllə istifadəyə verilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda 1000-dən çox sakini əhatə edən məhəllədə əsaslı təmir işləri başa çatdırılıb.
Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, məhəllədə yaşayanların müraciəti nəzərə alınaraq buradakı çox mərtəbəli binaların fasadları təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binaların giriş hissəsi təmir olunub, binanın blok qapıları dəyişdirilib, blokların və binaya uzanan keçidin pilləkənləri yenidən qurularaq buraya aqlay döşənib, yeni bordur daşları düzülüb, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılıb, yeni oturacaqlar qoyulub, binalara yaxın ərazilərdəki istinad divarları suvanaraq rənglənib.
Məhəllədə, həmçinin əsaslı təmizlik işləri aparılıb, yeni ağaclar əkilib və qazon örtüyü çəkilib. İşıqlandırma məsələləri həll olunub, məhəllə və ətraf ərazilərə yeni asfalt örtüyü çəkilib.
Uşaqlar üçün yeni əyləncə qurğuları quraşdırılib, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları qurulub.
Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar rayon rəhbərliyi, təsərrüfat xidmətləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri və məhəllə sakinləri ilə görüşüb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxslər yaradılan şəraitlə tanış olublar.
Həyətə toplaşan sakinləri və qonaqları salamlayan Eldar Əzizov bildiribdir ki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.
Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləyib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sakinlər ölkədə yaradılmış şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Badamdar Mədəniyyət evinin və 3 nömrəli musiqi məktəbinin özfəaliyyət kollektivinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub, orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng ediblər.