CƏMİYYƏT
Səbail rayonunda əhalinin profilaktik tibbi müayinə tədbirləri davam edir
Bakı, 1 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki sosial-iqtisadi tərəqqi səhiyyə sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Səbail rayonunda da uğurla icra edilir.
Aprelin 1-də rayon ərazisində yerləşən 2 nömrəli şəhər poliklinikasında sakinlərin tibbi müayinəsi keçirilib. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunub.
Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər.