MƏDƏNİYYƏT
Səbail rayonunda gənclərin möhtəşəm bayram balı keçirilmişdir VİDEO
Bakı, 31 yanvar (AZƏRTAC). Yanvarın 31-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Baku Crystal Hall”da bu rayonun gənclərinin 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir.
AZƏRTAC xəbər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Sonra Azərbaycanda gənclər sahəsində keçirilmiş müxtəlif səpkili tədbirlər, dövlət gənclər siyasətinin icrası və onlara dövlətin diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Qeyd olunmuşdur ki, millətin yaşaması və inkişafı üçün təməl daşı sayılan gəncliyin möhkəm olması üçün yetişməkdə olan nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlığı lazımdır. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratmış və xalqımızın gənclərini bir araya toplamışdır. 1996-cı il fevralın 2-də isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirilmiş və elə həmin gün Ümummilli Liderimizin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir.
A.Əsgərov vurğulamışdır ki, gənclərə, gələcək nəslə daim çox böyük önəm verən Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
A.Əsgərov qeyd etmişdir ki, Səbail rayonunun əhalisinin təqribən 26 faizini gənclər təşkil edir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və s. sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı və gənclərin diskotekası ilə başa çatmışdır.