CƏMİYYƏT


Səbail rayonunda imkansız ailələrə qurban sovqatları paylanılıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq müqəddəs bayram münasibətilə qurbanlar kəsilib və rayonun qəsəbələrində, yaşayış sahələrində imkansız ailələrə paylanılıb. Belə tədbirlərdən biri rayonun Bayıl yaşayış sahəsində təşkil olunub.

Daha sonra tədbir rayonun Badamdar qəsəbəsində davam edib. Buradakı tədbirə rayon rəhbərliyi ilə yanaşı, din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ağsaqqallar, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri də qatılıb. Bayramsayağı bəzədilmiş həyətdə İslam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanılıb. Aşıqların ifası tədbiri daha rəngarəng edib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşüb, onları bayram münasibətilə təbrik edib.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən xalqımızın milli-mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışılıb.

Çıxış edən ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Qurban bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, ərazidə yerləşən yataqxanada məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 7 mindən çox ailəyə qurban payları təqdim ediləcək.

Qurban bayramı ilə əlaqədar tədbirlər rayonun digər qəsəbə və yaşayış sahələrində, həmçinin “Bibiheybət” ziyarətgah məscidi və İçərişəhərdəki “Cümə” məscidində də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.