CƏMİYYƏT
Səbail rayonunda keçirilən iməcilikdə 1200 ağac əkilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə paytaxtın Səbail rayonunda silsilə tədbirlər keçirilir. Bu əlamətdar gün münasibətilə rayon ərazisindəki parklarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, ağaclar əkilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin doğum gününə həsr olunmuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail Rayon İcra Hakimiyyəti tərəfindən “Şıx” ərazisindəki yamacda salınan “Ekoloji park”da və Badamdar qəsəbəsindəki Zeytun bağında təşkil olunub. Aksiyada rayonun idarə, təşkilat və müəssisələrinin, təsərrüfat xidmətlərinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri də daxil olmaqla, ümumilikdə, 500 nəfər iştirak edib.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən, ötən il salınmış 29 hektarlıq “Ekoloji park”ın ərazisində 100 mindən çox Eldar şamı, oleandr, kiparis, zeytun və püstə ağacları əkilib, damcı üsulu ilə suvarılma və gündəlik qulluq nəticəsində burada böyük meşə zolağı yaradılıb. Keçirilən iməcilikdə, ümumilikdə, 1200 ədəd zeytun ağacı əkilib, digər ağaclara qulluq göstərilib.
Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən gül və dekorativ kol bitkiləri əkilib. Mərkəzdəki “Sahil bağı” güllər vasitəsilə yaradılan kompozisiyalarla bəzədilib, bütün perimetr üzrə yeni çiçəklər əkilib, qazon örtüyü yenilənib. “Sahil bağı”ndakı gül kompozisiyalarının yaradılmasında 28 min güldən istifadə olunub.