SİYASƏT
Səbail rayonunda ordudan yeni tərxis olunmuş gənclərlə görüş keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
Səbail rayonunda Azərbaycan Silahlı Qüvvələrinin sıralarından yeni tərxis olunan bir qrup gənclə görüş keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi rayon təşkilatının “Şəhidlər Xiyabanı”ndakı qərargahında əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ordu sıralarından tərxis olunan gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib. O, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Silahlı Qüvvələrimizin rolundan, hərbi qüdrətindən söz açıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Şanlı aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və düşmənə sarsıdıcı zərbə endirilməsi bunun əyani sübutudur. Bu qələbə bütün dünyaya göstərdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.
Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov vurğulayıb ki, Vətənə xidmət etmək həm müqəddəs, həm də çox məsuliyyətli vəzifədir. Əsgər və zabitlərimizin aprel döyüşlərindəki qələbəsi Milli Ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu bir daha göstərdi. Hər kəs mobil və yüksək döyüş hazırlığına malik Azərbaycan Silahlı Qüvvələrinin həqiqətən regionun ən güclü ordusu olduğunu gördü. Gənclərimiz belə bir orduda xidmət edib hərbi sirlərə dərindən yiyələnməklə Azərbaycan əsgəri adını şərəflə doğruldur.
YAP Səbail Rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, Qarabağ müharibəsi veteranı Bəhram Ağakişiyev, Əmək veteranı, jurnalist, professor hacı Tofiq Seyidzadə, aprel döyüşlərinin iştirakçısı Vəli Əsədov, həmçinin valideynlər gəncləri bu şərəfli missiyanı uğurla başa vurduqlarına görə təbrik edib, öz tövsiyələrini veriblər.
Sonra ordu sıralarından tərxis olunan və hərbi xidmət zamanı fərqlənən gənclərə hədiyyələr təqdim edilib.