CƏMİYYƏT
Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, təsərrüfat və kommunal xidmətlərinin rəhbərləri, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə xidmətlərinin, Regional Mülki Müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, artıq 5-ci ildir payız-qış mövsümünün başlanması ilə əlaqədar yanğınların profilaktikası və yanğın təhlükəsizliyinin təmin olunması, bu hadisələr zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının roluna həsr edilən silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur. O, il ərzində bu istiqamətdə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.
Müşavirədə “Bakı şəhərində 2014-2015-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar”, “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr dinlənilib.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış edib, əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirilib.